Almaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlamağa başlayıb

Almaniya müttəfiqləri ilə birlikdə Rusiyanı Ukraynada atəşkəslə razılaşmağa məcbur etmək məqsədi daşıyan yeni sanksiyalar paketi hazırlayır.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Stefan Kornelius məlumat verib.
Korneliusun sözlərinə görə, Berlin hökuməti daim anti-Rusiya sanksiyaları variantlarını axtarır və nəzərdən keçirir. O əlavə edib ki, Avropa İttifaqı (Aİ) bu həftə 17-ci sanksiyalar paketini qəbul edəcək. Onların Rusiyanın maliyyə sektorunu hədəf alacağı gözlənilir.
"ABŞ-ın Avropa sanksiyalarına dəstəyi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında planlaşdırılan telefon danışığının nəticəsindən asılıdır" - deyə Kornelius qeyd edib.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz bildirmişdi ki, Avropa İttifaqı mayın 20-də Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul edəcək. Yeni məhdudlaşdırıcı tədbirlər həmin gün qüvvəyə minəcək.