İsrail Qəzzada əməliyyatları genişləndirir

İsrail ordusu özünümüdafiə məqsədilə Qəzza zolağında əməliyyatı genişləndirir, lakin girovların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, “hərəkətlərini tənzimləməyə” hazırdır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir anklavda keçirilən əməliyyat müşavirəsində bildirib.
"Biz HƏMAS tamamilə məğlub olana qədər əməliyyatımızı genişləndirəcək, əlavə ərazilər üzərində operativ nəzarət quracaq, terror infrastrukturunu təmizləyəcək və məhv edəcəyik. Biz özümüzü müdafiə üçün hərəkət edirik və özümüzü müdafiə etmək üçün hücuma keçməliyik. Sərhədin o biri tərəfindən təhdidləri aydın və qəti şəkildə aradan qaldırana qədər geri otura bilmərik", - deyə Zamir bildirib.
O vurğulayıb ki, Qəzzada saxlanılan girovların azad edilməsi kampaniyanın əsas məqsədlərindən biri olaraq qalır: “Əgər onların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, İDF öz hərəkətlərini müvafiq qaydada tənzimləyə biləcək".
Zamir qeyd edib ki, hərbçilər girovların zərər görməməsi üçün əlindən gələni edəcək. "Mən girovların ailələrinin yaşadıqları narahatlıq və iztirabları və bu məqsədlərin birləşməsi nəticəsində yaranan problemləri tam dərk edirəm. Bu, çətin işdir, lakin bizim bunu həll etmək üçün alətimiz, müdrikliyimiz və məsuliyyətimiz var. Mən də İDF-dəki hər bir əsgər kimi, bütün girovlarımız evlərinə qaytarılana qədər yorulmadan fəaliyyətimi davam etdirəcəyəm", - deyə baş qərargah rəisi qeyd edib.
O, həmçinin Qəzzada baş verən hər şeyə görə məsuliyyəti bir daha HƏMAS-ın üzərinə atıb və bu müharibənin 7 oktyabr 2023-cü il tarixli hücumla "İsrailin üzərinə qoyulduğunu" vurğulayıb.