HƏMAS fevralın 15-dək girovları qaytarmasa, İsrail Qəzzada döyüşləri bərpa edəcək
![](/uploads/posts/2025-02/israil-ordusu.jpg)
HƏMAS fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu əsas nazirlərin iştirakı ilə keçirilən hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu üzrə deyib.
"Qəbul etdiyim qərar və Nazirlər Kabineti yekdilliklə təsdiqlədiyi qərardır: Əgər HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu Həmas nəhayət məğlub olana qədər intensiv hərbi əməliyyatlara davam edəcək" - deyə Netanyahu bildirib.
Bununla belə, o, İsrailin şənbə gününə qədər neçə girovun azad edilməsini tələb etdiyini dəqiqləşdirməyib.
Hərbi-siyasi kabinetin iclası barədə danışan Netanyahu qeyd edib ki, onun bütün iştirakçıları fevralın 8-də azad edilmiş üç israilli girovun dəhşətli vəziyyətindən narahat olublar.
Baş nazir həmçinin bildirib ki, HƏMAS girovların azad edilməsi prosesini dayandırdığını elan etdikdən sonra dünən gecə İsrail ordusuna qüvvələri Qəzza zolağının daxilində və ətrafında cəmləşdirməyi əmr edib. “Bu əməliyyat bu saatlarda aparılır və yaxın vaxtlarda başa çatacaq”, - deyə o, radikalları razılaşmanı pozmaqda ittiham edib.