Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı tələbləri açıqlayıb
6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi zamanı əməl edilməli olan qaydalar barədə vətəndaşları məlumatlandırıb.
Qurumun açıqlamasında qeyd olunur ki, qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış, sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı və məhəllə aralarında aparılan qanunsuz və antisanitar kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər və ətraf mühitə ciddi ziyan vurur.
Kəsim məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş olmalıdır. Alətlər daim dezinfeksiya edilməli, tullantılar vaxtında və düzgün şəkildə ərazidən uzaqlaşdırılmalıdır.
Ət satış məkanları sanitar və baytarlıq tələblərinə uyğun təşkil edilməli, cəmdəklər soyuducu avadanlıqlarda saxlanmalı və soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların bu nöqtələrdə satışı yolverilməz sayılır.
Agentlik xəbərdarlıq edir ki, nəzarətsiz şəraitdə həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur.
Qafqazinfo