Mexikoda bələdiyyə sədrinin katibi və müşaviri öldürüldü

Meksikanın paytaxtı Mexikoda Bələdiyyə sədri Klara Brugadanın xüsusi katibi Ximena Guzman və müşaviri Xose Munoz silahlı hücuma məruz qalaraq həyatlarını itiriblər.
Rəsmilərin verdiyi açıqlamaya görə, Guzman və Munoz Mexikoda Calzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində avtomobildə olduqları zaman motosikletli bir şəxsin silahlı hücumuna məruz qalıblar.
Təcili tibbi yardım əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, Guzman və Munoz hadisə yerində vəfat ediblər.
Meksika Dövlət Başçısı Klaudia Şeinbaum Milli Saraydakı gündəlik mətbuat konfransında hadisə ilə bağlı verdiyi açıqlamada “Təəssüf ki, Ximena Guzman və Xose Munoz silahlı hücum nəticəsində həyatlarını itirdilər” deyib.
Şeinbaum hücum edən şəxslərin tapılması üçün Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Katibi (SSPC) Omar Qarsia Harfuça göstəriş verdiyini bildirib və “Bu hadisəni törədənlər cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq ətraflı şəkildə aparılacaq, hökumətin dəstəyi tamdır” ifadələrini əlavə edib.
Şeinbaum Mexiko Bələdiyyə sədri Brugadaya və həlak olanların ailələrinə başsağlığı verib.
Brugada isə verdiyi açıqlamada “Ximena möhtəşəm, yorulmaq bilməyən və nəzakətli bir qadın idi. Pepe’ni uşaqlığımdan bəri tanıyıram, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi” deyib.