Çində COVID-19 yoluxması mövsümi artım göstərir

Çində COVID-19 yoluxmalarında mövsümi artım müşahidə olunur. Mütəxəssislər yeni dalğanın may ayında zirvəyə çatacağını və iyun ayından etibarən azalma meyli göstərəcəyini proqnozlaşdırırlar.
"The Paper" nəşrinin xəbərinə görə, ölkənin aparıcı yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən olan Conq Nanşan Cənubi Çinin Quanqcou şəhərində iştirak etdiyi konfransda bildirib ki, COVID-19 yoluxmaları yaz aylarında dünyanın digər bölgələrində olduğu kimi Çində də artmaqdadır.
Yeni dalğa çərçivəsində yoluxma hallarının mart-may ayları arasında artdığı, may ayında ən yüksək səviyyəyə çatacağı, iyundan etibarən isə azalmağa başlayacağı gözlənilir.
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) 8 may tarixli hesabatına əsasən, 31 mart – 4 may tarixləri arasında soyuqdəymə və tənəffüs yolları infeksiyaları şikayətləri ilə xəstəxana və klinikalara müraciət edən şəxslər arasında aparılan testlərdə COVID-19 aşkarlanma nisbəti 7,5 faizdən 16,2 faizə yüksəlib.
Hesabatda qeyd olunub ki, aprel ayında ölkə üzrə 168 min 508 yoluxma halı qeydə alınıb. Onların 5 faizindən götürülən nümunələrin analizinə əsasən, bütün halların Omicron variantı və onun XDV alt növləri ilə əlaqəli olduğu müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, hazırkı yoluxma səviyyəsi ölkə miqyasında böyük bir epidemiya riski yaratmır. Bununla belə, əhaliyə fərdi qoruyucu tədbirlərə əməl etmələri, yaşlı və xroniki xəstəlikləri olan şəxslərin mütləq şəkildə xəstəxanalara müraciət etmələri tövsiyə olunur.
Xatırladaq ki, COVID-19 pandemiyasının ilk halları 2019-cu ilin sonunda Çinin Uhan şəhərində qeydə alınmış, daha sonra bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olmuşdu. Aylarla davam edən karantin və epidemiya ilə mübarizə tədbirləri qlobal iqtisadi fəaliyyətlərə və sosial həyata ciddi təsir göstərmişdi.