ABŞ-dan Kiyevə hərbi yardım dayana bilər – Tramp qərar verməlidir

Əgər ABŞ prezidenti Donald Tramp bu müddəti uzatmağa qərar verməsə, yaxın aylarda Kiyevə Vaşinqtondan hərbi yardım dayana bilər.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Devid Şimerə istinadən "The Washington Post" qəzeti məlumat yayıb.
"Hazırkı administrasiyanın qarşısında seçim dayanır: ya Ukraynaya əlavə təhlükəsizlik yardımı göstərmək üçün razılıq vermək, beləliklə, onun silah almağa davam etməsini təmin etmək, ya da ABŞ-ın yardımı dayandırması, bu isə Ukraynanı əlverişsiz vəziyyətə salacaq" - deyə Şimer bildirib.
Qəzetin yazdığına görə, ABŞ prezident administrasiyası əvvəlki prezident Co Baydenin dövründə təsdiqlənmiş yardımın son tranşlarını hələ də alan Ukraynaya hərbi dəstək vermək üçün hazırda heç bir iş görmür.