Britaniya admiralı: Rusiya NATO ilə döyüşmək istəmir

Britaniya admiralı: “Rusiya NATO ilə döyüşmək və nüvə münaqişəsi istəmir”
Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin bəyan edib ki, Rusiya nə NATO ilə döyüşmək, nə də nüvə münaqişəsinə girmək istəyir.
AFN.az xəbər verir ki, o, bu fikirləri Britaniya parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsi üzvlərinin suallarını cavablandırarkən söyləyib: “Rusiya NATO ilə döyüşmək istəmir. Rusiya nüvə müharibəsi istəmir. Biz buna əmin olmalıyıq”.
Radakinin fikrincə, NATO-nun güclü hərbi potensialı Rusiyanın təcavüzkar niyyətlərini cilovlayır.
O, Böyük Britaniya Silahlı Qüvvələrinin sayı və yüksək intensivlikli münaqişələr zamanı itkilərin tezliklə kompensasiya olunması imkanları barədə də danışıb. Bildirib ki, London və onun müttəfiqləri ilk növbədə texniki üstünlüklərinə güvənirlər.
“Bəziləri müharibə uzun sürsə, Rusiya ilə necə mübarizə aparacağımızdan və Ukraynanın verdiyi itkiləri necə kompensasiya edə biləcəyimizdən danışır. Bu düşüncə tərzində risk var. Biz Ukraynanın apardığı kimi mübarizə aparmazdıq”, - deyə Toni Radakin əlavə edib.