Tramp: Los-Ancelesdə Milli Qvardiya təhlükə qalxana qədər qalacaq

Tramp: “Təhlükə qalxmayana qədər Milli Qvardiya Los-Ancelesdə qalacaq”
AFN.az yerli mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki Milli Qvardiyanın təhlükə aradan qalxana qədər şəhərdə xidmətini davam etdirəcəyini bildirib.
O, Los Ancelesdə davam edən hadisələrlə bağlı Oval Ofisdə daxili təhlükəsizlik naziri Kristi Noemin də qatıldığı tədbirdə açıqlamalar verib.
Şəhər və əyalət hökumətlərinin administrasiya olaraq hadisələrə müdaxilə edənə qədər heç bir şey etmədiyini deyən Tramp bölgədəki demokrat liderləri günahlandırıb.
"Biz ora çatana qədər Los-Anceles mühasirədə idi. Polis vəziyyətə nəzarət edə bilmədi. Polis rəisi bunu üç gecə əvvəl televiziyada söylədi. Onlar əllərindən gələni etdilər, lakin hadisələrin öhdəsindən gələ bilmədilər. Ştat hökuməti Milli Qvardiyanı çağırmadı, nəhayət onları göndərdik" - deyə ABŞ lideri vurğulayıb.
O, şəhərdəki ümumi sayı 4 min olan Milli Qvardiyanın nə vaxt ayrılacağı ilə bağlı sualları cavablandırarkən bildirib:
"Təhlükə qalmayana qədər. Təhlükə qalmayanda Milli Qvardiya əsgərləri gedəcəklər. Çünki biz oraya dəstək göndərməsəydik, Los-Anceles bu gün yandırılıb dağılardı. Los Ancelesdəki şiddəti mən dayandırdım".