Heqset: Rusiyaya qarşı kiberəməliyyatların dayandırılması barədə əmr verməmişəm

ABŞ-ın müdafiə naziri Rusiyaya qarşı kiberəməliyyatların dayandırılması barədə əmr vermədiyini deyib
ABŞ müdafiə naziri Pit Heqset bu ilin yazında Rusiyaya qarşı kiberməkanda aparılan hücum əməliyyatlarının dayandırılması ilə bağlı heç bir göstəriş vermədiyini bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
“Sizin hansı məqalədən danışdığınızı bilirəm və o, yalandır. Mən bunu o zaman da demişdim, indi də deyirəm”, – deyə Pentaqon rəhbəri bu ilin yazında ABŞ mətbuatında Vaşinqtonun Moskvaya qarşı kiberməkanda apardığı əməliyyatları guya dayandırması ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.
"Bu açıqlamalar Rusiyaya qarşı hücum xarakterli kiberəməliyyatları dayandırmaq əmri vermədiyi kimi başa düşmək olarmı?" Suala cavabında Heqset deyib: “Biz belə bir şey etməmişik”.
Qeyd edək ki, daha əvvəl "The Record" portalı adları açıqlanmayan mənbələrə istinadla yazıb ki, Pit Heqset ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığına Rusiyaya qarşı fəaliyyətlərin, o cümlədən müxtəlif kiberəməliyyatların dayandırılması barədə göstəriş verib. Sonradan bu mövzuda oxşar yazılar ABŞ-ın digər KİV-lərində dərc edilib.