Yaponiyada “Twitter qatil”i kimi tanınan Şiraişi Takahiro edam edildi


Yaponiyada sosial şəbəkə vasitəsilə tanış olduğu 9 nəfəri qətlə yetirən və "Twitter qatil"i kimi tanınan Şiraişi Takahironun edam edildiyi bildirilib.

Şiraişi Takahiro əvvəlki adı “Twitter” olan sosial media platforması X vasitəsilə tanış olduğu 9 nəfəri öldürüb və parçalayaraq qətlə yetirdiyi üçün “Twitter qatil”i ləqəbi ilə tanınırdı.

2017-ci ildə mənzilində 8 qadın və 1 kişiyə aid cəsədlərin soyuducuda tapılmasından sonra həbs olunan Şiraişi, 2020-ci ildə ölüm hökmünə məhkum edilmişdi.

İstintaqı aparan rəsmilər bildiriblər ki, Şiraişi intihara meyilli şəxslərlə sosial mediada əlaqə yaradaraq onlara kömək etməyi təklif edir, daha sonra isə onları evinə dəvət edərək qətlə yetirib və cəsədlərini parçalayırdı.

Tokio Saxlanma Mərkəzində edam olunan Şiraişinin cəzasının icrası tamamlanana qədər bu barədə ictimaiyyətə məlumat verilməyib.

Bu edam Yaponiyada 2022-ci ilin iyul ayından bəri həyata keçirilən ilk ölüm hökmü olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu