Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Yeni Zelandiya hakimiyyəti daha 18 fiziki və hüquqi şəxsi, habelə Rusiyanın kölgə donanması adlanan 27 gəmini müvafiq siyahıya əlavə etməklə Rusiya Federasiyasına və onun “tərəfdarlarına” qarşı sanksiyaları genişləndirib.
AFN.az xəbər verir ki, bu barədə TASS ada dövlətinin Xarici İşlər Nazirliyinin rəhbəri Uinston Pitersə istinadən məlumat yayıb.
Diplomatın sözlərinə görə, Rusiya və Belarus müəssisələri və vətəndaşlarından başqa, KXDR-in dörd nümayəndəsi və iki iranlı məhdudiyyətlərə məruz qalıb.
Qeyd olunur ki, Yeni Zelandiya sanksiyaları, xüsusən də Rusiyanın aviasiya sənayesindəki müəssisələrinə, o cümlədən Aeroscan və A.S. Yakovlev Dizayn Bürosu, eləcə də uzun müddət Qərbin məhdudiyyətləri altında olan Kalaşnikov konserninə aiddir.
Yeni Zelandiya hakimiyyəti 2022-ci ilin mart ayından etibarən Rusiya Federasiyasına qarşı mütəmadi olaraq sanksiyalar tətbiq edir ki, bu da ümumilikdə 1800-dən çox ölkə vətəndaşına təsir edib. Müvafiq tədbirlərin qəbulunu sadələşdirmək üçün yerli parlament hətta xüsusi qanun qəbul edib.