Tramp Şotlandiyada külək turbinlərini tənqid etdi

ABŞ Prezidenti Donald Tramp Şotlandiyada golf meydançası yaxınlığında külək turbinlərinin tikilməsini tənqid edib.
AFN.az xəbər verir ki, o, külək enerjisini “ekoloji fırıldaq” adlandıraraq onların kənd mənzərələrini korladığını, quşları öldürdüyünü və kitləri dəli etdiyini deyib.
“The Times” qəzetinin məlumatına görə, Tramp bu fikirləri özünə məxsus Turnberri kəndindəki golf-klubda keçirdiyi mətbuat konfransında səsləndirib.
“Avropaya deyirəm: belə külək turbinlərinin ABŞ-da tikilməsinə icazə verməyəcəyik. Onlar bizim gözəl vadilərimizi, düzənliklərimizi məhv edir”, – deyə Tramp bildirib.
O vurğulayıb ki, Ayrşirdə yerləşən golf meydançasının 18-ci oyun nöqtəsindən görünən 9 külək turbininin mənzərəni pozduğunu düşünür.
Tramp əlavə edib ki, bu turbinlərin bıçaqları parçalanmayan materialdan hazırlandığı üçün ekoloji baxımdan zərərlidir və torpağa basdırıla bilmir.
Onun sözlərinə görə, bu qurğular həm də yaratdığı səs-küylə təbiətə zərər verir, quşları öldürür. Tramp iddia edib ki, Massaçusetsdə 20 il ərzində sahilə yalnız 1-2 balina vurmuşdusa, son qısa müddətdə bu say 18-ə çatıb və səbəb kimi külək turbinlərinin kitləri “dəli etməsi” göstərilib.