Abdin Fərzəliyevin yol əhvalatı – 5 milyon xərclənib, amma bərbad gündədir


Abşeron rayonunun yolları ilə bağlı şikayətlər səngimək bilmir. Demək olar ki, hər gün sosial şəbəkələrdə Abşeronun müxtəlif ərazilərində, o cümlədən rayonun inzibati mərkəzi olan Xırdalan şəhərində yolların bərbad olması barədə paylaşımlar edilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 19 yanvar 2022-ci il tarixdən rayona rəhbərlik edir.

Reportyor.info Abdin Fərzəliyevin dövründə Abşeronda yolların təmirinə nə qədər vəsait xərcləndiyini araşdırıb. Araşdırma dövlət satınalmalarının vahid internet portalı üzərindən aparılıb. Beləliklə, Abdin Fərzəliyev icra başçısı təyin edildikdən sonra Abşeron və Xırdalanda yolların təmiri ilə bağlı 4 satınalma müsabiqəsi keçirilib.

İlk tender Abdin Fərzəliyevin icra başçısı kimi fəaliyyətinin 7-ci ayında – yəni 14 iyul 2022-ci ildə elan edilib. Bu tenderə avqust ayında yekun vurulub. Tenderin qalibi “Uğurlu İnşaat” MMC seçilib. Bu tender üzrə satınalma predmetinin qiyməti 1 199 683,58 manat təşkil edib.

Bir il sonra isə Xırdalanda yolların əsaslı təmiri ilə bağlı tender keçirilib. Bu tenderin qalibi isə “Xezer Construction” MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 261 045,32 manat olub.

2024-cü ildə yenidən Abşeronda və Xırdalanda yolların əsaslı təmiri ilə bağlı tender keçirilib. Hər iki tenderdə “Propqress İnşaat EN” MMC qalib seçilib.

Abşeronda yolların təmiri ilə bağlı satınalma müqaviləsinin maliyyə dəyəri 1 298 707,29 manat, Xırdalanda yolların əsaslı təmiri ilə bağlı satınalma müqaviləsinin maliyyə dəyəri isə 1 478 634,87 manat təşkil edib.

Göründüyü kimi, Abdin Fərzəliyev icra başçısı təyin edildikdən bəri Abşeron və Xırdalanda yolların təmiri ilə bağlı 5 238 071,06 manatlıq tender keçirilib. Buna baxmayaraq, yollardan şikayət var. Bu isə yol təmiri ilə bağlı tenderlərin şəffaflığını şübhə altına qoyur.

Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi bu tenderlərdə qalib seçilən şirkətlərlə bağlı da qaranlıq məqamlar var. Bu şirkətlər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətlərin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu