Alimlər dünyada ilk dəfə qan dövranına malik dəri toxuması yaratdı

Avstraliyada tədqiqatçılar dünyada ilk dəfə damar, sinir, tüklərin follikulları və immun hüceyrələrini əhatə edən real insan dərisinə ən yaxın modeli laboratoriya şəraitində inkişaf etdiriblər.
Queensland Universitetindən verilən açıqlamaya görə, alimlər insan dəri hüceyrələrini kök hüceyrələrə çevirərək dəriyə bənzər bir orqan yaradıb.
Tədqiqatda bu modelə laboratoriyada istehsal edilmiş kiçik qan damarları inteqrasiya olunaraq, öz dövran sisteminə malik çox qatlı dəri toxuması əldə edilib.
Tədqiqatı aparan Dr. Abbas Şafi bildirib ki, əvvəllər istehsal edilmiş dəri modelləri yalnız üst təbəqələri təqlid edə bilirdi, lakin bu yeni struktur tüklərin follikulları, sinir hüceyrələri, piqmentasiya, immun sistemi və qan dövranı ilə insan dərisinə ən yaxın modeldir.
Şafi qeyd edib ki, bunun sayəsində psoriaz və ekzema kimi dəri xəstəlikləri daha dəqiq şəkildə öyrənilə, yeni müalicələr sınaqdan keçirilə və yanıq ilə yara sağalmasında əhəmiyyətli irəliləyişlər əldə oluna bilər.
Tədqiqatın nəticələri Wiley Advanced Healthcare Materials jurnalında dərc edilib.