Böyük Britaniyada vizası bitən xarici tələbələr deportasiya ediləcək


Böyük Britaniya Daxili İşlər Nazirliyi vizalarının müddəti başa çatdıqdan sonra ölkədə qalmağa davam edən xarici tələbələrin deportasiya olunacağını açıqlayıb.

Daxili işlər naziri İvet Kuper BBC-yə müsahibəsində bəzi xarici tələbələrin ölkələrində vəziyyət dəyişmədiyi halda sığınacaq üçün müraciət etdiyini bildirib:
“Biz lazımi dəstəyi həqiqi qaçqınlara verəcəyik, lakin vəziyyət dəyişməyibsə, tələbələr təhsillərini başa vurduqdan sonra sığınacaq üçün müraciət etməməlidirlər,” – deyə o qeyd edib.

Nazirliyin məlumatına görə, hazırda 10 min beynəlxalq tələbəyə vizalarının başa çatmaq üzrə olduğu barədə bildiriş göndərilib və onlara ölkədə qalmağa davam edəcəkləri təqdirdə deportasiya ediləcəkləri xatırladılıb.

Bu çərçivədə təxminən 130 min tələbə və onların ailə üzvlərinə də ölkədə qanuni qalmaq hüquqları olmadığı halda ölkəni tərk etmələri gərəkdiyini bildirən mesajlar göndəriləcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin iyununa qədərki birillik dövrdə ümumilikdə 111 min 84 sığınacaq müraciətindən 14 min 800-ü tələbə vizaları əsasında olub. Bu rəqəm ümumi müraciətlərin 13 faizinə bərabərdir. Ən çox müraciətlər pakistanlı tələbələr tərəfindən edilib, ardınca Hindistan, Banqladeş və Nigeriya gəlir.

Tələbə vizası ilə edilən sığınacaq müraciətləri ötən illə müqayisədə azalsa da, 2020-ci illə müqayisədə təxminən 6 dəfə artıb.

Ölkədəki 141 universitet və ali təhsil müəssisəsini təmsil edən “Böyük Britaniya Universitetləri” təşkilatı hökumətin narahatlıqlarını anladıqlarını, lakin Daxili İşlər Nazirliyi ilə universitetlər arasında daha sürətli məlumat mübadiləsinə ehtiyac olduğunu bildirib.

“Qaçqınlar Şurası” adlı qeyri-hökumət təşkilatının baş analitiki Con Fitonbi isə bəzi tələbələrin öz ölkələrində təqib və ya izlənilmədən qorxduqları üçün yalnız Britaniyaya gəldikdən sonra sığınacaq üçün müraciət etdiklərini deyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi may ayında açıqlama yayaraq xaricdən gələn tələbələrin təhsillərini başa vurduqdan sonra ölkədə qala biləcəkləri müddətin 2 ildən 18 aya endirildiyini bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu