İran ilə MAQATE arasında yeni razılıq əldə olundu
İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında iyunda İsrail və ABŞ-ın İrana hücumları səbəbindən dayandırılan nəzarətlərin yenidən başladılmasını təmin edəcək razılıq əldə edilib.
İranın Xarici İşlər Naziri Abbas Ərəkçi ilə MAQATE-nin rəhbəri Rafael Mariano Grossi Misirin paytaxtı Qahirədə tərəflər arasında yeni razılaşma layihəsini yekunlaşdırmaq üçün görüşüblər.
Görüşdən sonra Ərəkçi və Grossi iyunda baş verən İsrail və ABŞ hücumları səbəbindən dayandırılan nəzarətlərin yenidən başlanmasını təmin edəcək razılaşmaya imza atıblar.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəkayi görüş barədə açıqlamasında bildirib ki, İran və MAQATE ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarından sonra ortaya çıxan yeni vəziyyətdə necə əməkdaşlıq edəcəkləri barədə razılığa gəliblər.
Xatırladaq ki, İran parlamentinin 26 iyunda qəbul etdiyi və Konstitusiyanı Mühafizə Şurası tərəfindən təsdiqlənmiş qanun hökuməti MAQATE ilə əməkdaşlığı dayandırmağa, nəzarətçilərin girişini qadağan etməyə məcbur etmişdi. Bu qanuna görə, yalnız İranın nüvə hüquqları tanındıqda və təhlükəsizlik zəmanətləri təmin olunduqda, Milli Təhlükəsizlik Ali Şurasının təsdiqi ilə qüvvədən düşəcəkdi.
Qeyd edək ki, yeni qanun çərçivəsində İran MAQATE ilə yeni əməkdaşlıq modeli üzərində müzakirələr aparırdı.
MAQATE rəhbəri Rafael Mariano Grossi Qahirədə keçirilən görüşlə bağlı açıqlama verib. Grossi bildirib ki, Qahirədə İran Xarici İşlər Naziri Ərəkçi ilə İran daxilində nəzarət fəaliyyətlərinin başladılması üçün praktik üsullar üzrə razılığa gəliblər.
Grossi bu hadisəni doğru istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirib və göstərdiyi dəstək və iştirak üçün Misir Xarici İşlər Naziri Bədir Abdulati-yə təşəkkürünü bildirib.
