ABŞ sahillərində böyük zəlzələ təhlükəsi yaranıb
ABŞ sahillərində yerləşən Kaskadiya subduksiya zonasında baş verə biləcək hərəkətlərin Şimali Amerikanın tarixində ən güclü zəlzələyə səbəb olacağı ehtimal olunur.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Tədqiqatçılara görə, Xuan-de-Fuka tektonik plitəsi Kaskadiya bölgəsində Şimali Amerika plitəsinin altına doğru hərəkət edir. Bu prosesin yaxın illərdə böyük seysmik fəallıq yaratma riski var.
Oreqon Dövlət Universitetinin professoru Kris Qoldfinqer bildirib ki, Kaskadiya haqqında tez-tez belə deyirlər: ‘Bu baş verdiyi anda Şimali Amerikanın tarixində ən böyük fəlakət olacaq’”.
Alimlər hesab edirlər ki, Kaskadiyada baş verə biləcək güclü təkanlar Kaliforniyadakı San-Andreas qırılma zonasını da hərəkətə gətirə bilər. Bu barədə sentyabr ayında "Geosphere" jurnalında dərc olunmuş araşdırmada da qeyd olunub.
Qəzet xatırladır ki, elmi dairələr artıq 10 il əvvəl Kaskadiya bölgəsində güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq etmişdilər.





