HƏMAS İsraili Qəzzada atəşkəsi pozmaqda ittiham etdi


HƏMAS Qəzzada bir neçə fələstinlinin ölümündən sonra İsrail Müdafiə Qüvvələrini atəşkəsi pozmaqda ittiham edib.

AFN.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Hazem Qasem öz "Telegram" kanalında açıqlama yayıb.

“İsrail ordusunun Qəzzada bir neçə sakinini öldürməsi atəşkəs razılaşmasının pozulması deməkdir. Biz yenidən İsrail üzərində nəzarətin gücləndirilməsini və onun vasitəçilərə qarşı öhdəliklərindən yayınmasına imkan verilməməsini tələb edirik”, — deyə Qasem yazıb.

Qeyd edək ki, bundan əvvəl Fələstinin WAFA agentliyi Qəzzada dörd fələstinlinin İsrailin dron hücumlarının qurbanı olduğunu açıqlayıb. Hücumlar Qəzza şəhərinin şərqində yerləşən rayonlarda baş verib. Agentliyin məlumatına görə, İsrail döyüş dronu Əş-Şudçaya rayonunda dağıdılmış evlərini yoxlayan bir qrupa zərbə endirib. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün sonra baş verən hücum nəticəsində üç nəfər həlak olub.

Digər bir fələstinli isə Xan Yunis yaxınlığındakı Əl-Fəhəri rayonunda dron hücumu nəticəsində öldürülüb, bir nəfər yaralanıb. Bundan əlavə, şimaldakı Cəbəliyyə yaşayış məntəqəsi yaxınlığında İsrail qüvvələrinin çadır düşərgəsinə atəş açması nəticəsində bir neçə sakin yaralanıb.

İsrail ordusunun mətbuat xidməti isə bildirib ki, Qəzza sektorunun şimalında bir neçə naməlum şəxs hərbi mövqelərə yaxınlaşdığından “təhlükənin aradan qaldırılması” məqsədilə atəş açılıb. Mətbuat xidməti bunu atəşkəs razılaşmasının pozulması hesab etmir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu