Əfqanıstan: Spin Boldak bölgəsinə hücumlarda 40 nəfər ölüb, 170 nəfər yaralanıb
Pakistanın hava hücumları nəticəsində Əfqanıstanın Qəndəhar vilayətinin Spin Boldak bölgəsində azı 40 nəfər həyatını itirib, 170 nəfər yaralanıb.
Tolo News telekanalı yerli rəsmilərə istinadla xəbər verir ki, Pakistan ordusu Spin Boldak bölgəsinə hava zərbələri endirib. Hücumlar nəticəsində bölgədə ciddi dağıntılar yaranıb.
Spin Boldak İctimai Sağlamlıq İdarəsinin rəhbəri Kərimullah Zübeyr Ağa açıqlamasında bildirib ki, hazırda 170 yaralı və 40 nəfər ölən var. O qeyd edib ki, ölənlərin sayı arta bilər.
Məlumata görə, Pakistan tərəfinin artilleriya atəşlərindən sonra Nokli, Vardak, Kuçian, Şorabak və Şəhid yaşayış məntəqələrində mülki vətəndaşlara məxsus evlərə ciddi zərər dəyib.
Spin Boldak bölgəsi Qəndəhar vilayətində, Əfqanıstan–Pakistan sərhədində yerləşir. Son aylarda bu bölgədə iki ölkə arasında sərhəd toqquşmaları və hərbi gərginliklər artmaqdadır.

