Tibb işçisi iş yükünü azaltmaq üçün 10 xəstəni öldürdü


Almaniyanın qərbində yerləşən Vürselen şəhərində çalışan bir palyativ baxım tibb işçisi 10 xəstəni öldürməkdə və 27 xəstəni öldürməyə cəhd etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Prokurorluğun məlumatına görə, şəxsiyyəti açıqlanmayan kişi tibb işçisi əsasən yaşlı xəstələrə ağrıkəsici və ya sakitləşdirici dərmanlar vuraraq gecə növbələrində iş yükünü azaltmağı hədəfləyib.

Cinayətlərin 2023-cü ilin dekabrı ilə 2024-cü ilin may ayları arasında törədildiyi bildirilir.

Rəsmilər tibb qardaşının karyerası boyu baş vermiş oxşar şübhəli hadisələri də araşdırır.

Fransanın AFP xəbər agentliyinin məlumatına görə, şübhəli 2007-ci ildə tibb qardaşlığı ixtisası üzrə təhsilini başa vurduqdan sonra 2020-ci ildə Vürselendəki xəstəxanada işləməyə başlayıb.

Aaxen şəhərində keçirilən məhkəmə prosesində prokurorlar ittiham edilən şəxsin daha çox diqqətə ehtiyacı olan xəstələrə qarşı səbrsiz davrandığını, özünü həyat və ölümün sahibi kimi apardığını bildiriblər.

Məhkəmənin qərarına görə, tibb qardaşı gecə növbələrində iş yükünü azaltmaq üçün xəstələrə yüksək doza morfin və əzələboşaldıcı midazolam vurub. 2024-cü ildə həbs olunan təqsirləndirilən şəxsin cinayətləri “xüsusilə ağır dərəcəli” sayıldığı üçün onun 15 ildən tez azadlığa çıxma imkanı yoxdur.

Bununla belə, hökmə qarşı apellyasiya şikayəti verilə bilər.

Prokurorluq mümkün digər qurbanları müəyyənləşdirmək üçün məzarların açılması işlərinin davam etdiyini və həmin şəxsə qarşı yeni bir cinayət işi açıla biləcəyini bildirib.

Bu hadisə Almaniyada 1999–2005-ci illər arasında iki xəstəxanada 85 xəstəni öldürdüyü üçün 2019-cu ildə ömürlük həbs cəzası alan keçmiş tibb işçisi Nils Högel işini xatırladır.

Məhkəmə müəyyən etmişdi ki, Högel xəstələrinə ürək dərmanı vuraraq onların ölümünə səbəb olub. O, Almaniyanın müasir tarixində ən çox qətl törədən tibb işçisi kimi qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu