Tayvanda xadimə sənət əsərini çirkli güzgü zənn edib sildi
Tayvanın bir muzeyində çalışan təmizlik işçisi çağdaş bir sənət əsərini səhvən məhv edib. Hadisə müxtəlif tikinti materialları və gündəlik əşyalarla hazırlanmış əsərlərin sərgiləndiyi “We Are Me” adlı sərgi zamanı baş verib.
Əsərin sahibi tayvanlı rəssam Çen Sunq-çi öz əsərinə "Tərs Sintaksis - 16" adını verib. Əsər tozla örtülmüş güzgü və sadə taxta panel üzərində yerləşdirilib; rəssam bu əsərlə orta təbəqənin təhrif olunmuş özünüdərkini və mədəni şüurunu simvolizə edib.
Təmizlik zamanı xadimə güzgünü çirkli zənn edərək 40 illik toz qatını silib, beləliklə əsərin konseptual bütövlüyü tamamilə pozulub.
Muzey rəhbərliyi hadisədən sonra rəssamdan üzr istəyib və mümkün kompensasiyanın qiymətləndirildiyini açıqlayıb.
Bəzi sənət tənqidçiləri isə bu hadisənin təmizlik hərəkəti ilə əsərin yeni bir mənaya qovuşduğunu sübut etdiyini iddia edərək, hadisənin çağdaş sənətin sərhədləri barədə yeni bir müzakirə yaratdığını bildiriblər.



