Aİ-nin dəstəklədiyi Afrikaya geri dönüş proqramındakı yardımlar mübahisə yaradıb
Associated Press (AP) xəbər agentliyi Avropa İttifaqının (Aİ) Birləşmiş Millətlər (BM) Beynəlxalq Miqrasiya Təşkilatına (IOM) Afrikadan gələn miqrantların geri dönüşünü dəstəkləmək məqsədilə ayırdığı yüz milyonlarla dollarlıq vəsaitin gözlənilən nəticəni vermədiyini və yardımların ədalətli şəkildə bölüşdürülmədiyi iddialarının mübahisə doğurduğunu bildirib.
AP-nin məlumatına görə, geri dönən bəzi afrikalı miqrantlar onlara vəd edilən iqtisadi və sosial dəstəyin verilmədiyini iddia ediblər.
Bu iddialar Aİ-nin miqrasiya idarəçiliyi siyasəti və IOM-un tətbiqləri ilə bağlı şəffaflıq və hesabatlılıq məsələlərini yenidən gündəmə gətirib.
Aİ-nin 2016-cı ildə başladığı və IOM tərəfindən icra olunan “Könüllü Geri Dönüş və Yenidən İnteqrasiya” proqramı Avropaya çata bilməyən afrikalı miqrantların öz ölkələrinə qayıdaraq həyatlarını yenidən qurmasını hədəfləyir.
2022–2025-ci illər dövründə 100 mindən çox səhraaltı afrikalı miqrantın Şimali Afrika və Nigerdən geri qayıtması təmin olunub.
Ümumi büdcəsi 380 milyon dollar olan proqramın 58 faizi geri dönüş sonrası dəstəyə ayrılıb.
IOM-un açıqlamasına görə, bu dəstəklər sığınacaq, tibbi yardım, psixososial xidmət, peşə təhsili və kiçik biznes qrantlarını əhatə edir.
Qambiya və Qvineyaya geri dönən bəzi miqrantlar IOM-un onlara vəd edilən yardımları vermədiyini bildiriblər.
Qvineyadan olan 20 yaşlı Kabinet Kante iki illik uğursuz Avropa səfərindən sonra IOM vasitəsilə ölkəsinə qayıtdığını, lakin peşə təhsili tələbinə cavab ala bilmədiyini deyib.
O, oxşar vəziyyətdə olan 50-dən çox şəxsin VotsApp qrupunda öz təcrübələrini paylaşdıqlarını da bildirib.
IOM-un Qərbi Afrika Regional Ofisindən François Xavier Ada 90 mindən çox insanın yenidən inteqrasiya prosesinə başladığını, 60 mininin isə bu prosesi tamamladığını açıqlayıb.
Ada bəzi hallarda iş yükünün çoxluğu və ya sənəd çatışmazlığı səbəbilə gecikmələrin yaşana bildiyini qeyd edərək, “Gözləmədə olan şəxslərlə bağlı məlumat almaqdan məmnun olarıq, lakin fərdi hallar barədə açıqlama verə bilmirik” – deyib.
Aİ rəsmiləri isə yalnız IOM-un açıqlamalarını təkrarlamaqla kifayətləniblər.
Brüsseldə yerləşən Avropa Qaçqınlar və Sürgünlər Şurasından Josefin Liebl Aİ fondlarının istifadəsində şəffaflıq və hesabatlılıq çatışmazlığının olduğunu vurğulayıb.
Miqrasiya Siyasəti İnstitutunun direktoru Kamil Le Coz isə proqramın geri dönüş prosesində mühüm rol oynadığını, lakin miqrantların uzunmüddətli inteqrasiyası üçün zəruri sosial və iqtisadi dəstəyin yetərli olmadığını bildirib.
Qvineyada fəaliyyət göstərən Qeyri-Qanuni Miqrasiyaya Qarşı Mübarizə Assosiasiyasının direktoru Elhadj Mohamed Diallo isə “Bizim məqsədimiz insanları burada saxlamaq deyil, onların həyatlarının idarəsini yenidən öz əllərinə verməkdir. Miqrasiya təbiidir — suyun yolunu kəssəniz, o, yenə öz yolunu tapacaq” deyib.

