BMT-nin Malidəki qüvvələri Kidal bazasından geri çəkilir
Birləşmiş Millətlər Təşkilatının Malidəki Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyası ölkənin Kidal bölgəsindəki bazadan geri çəkilib.
MINUSMA-nın verdiyi açıqlamaya görə, artan terror hücumları və təhlükəsizlik səbəbilə sülhməramlıların Malinin şimalındakı Kidal bazasından çıxarılması prosesi başa çatıb.
Açıqlamada Malidəki digər MINUSMA bazası olan Aguelhokdan da çəkilmənin planlaşdırıldığı paylaşılıb.
MINUSMA bölgədə yaşayış şəraitinin sürətlə pisləşməsi və yüzlərlə missiya zabitinin təhlükəsizlik problemi ilə üzləşməsi səbəbindən bazaları boşaltmaq qərarına gəlib.
2013-cü ildən Malidə fəaliyyət göstərən MINUSMA Mali hökumətinin tələbi ilə ilin sonuna qədər ölkədən tamamilə çəkiləcəyini açıqlayıb.