Finlandiyada NATO-nun daimi komanda bölməsi yerləşdiriləcək
Finlandiya hakimiyyəti ölkə ərazisində Şimali Atlantika Alyansının (NATO) daimi komanda bölməsini yerləşdirməyi planlaşdırır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Häkkänen açıqlama verib.
“Finlandiyada alyans bölməsinin yerləşdirilməsi NATO-nun ölkəmizi və alyansın bütün şimal ərazisini qorumaq qabiliyyətini gücləndirəcək”, — deyə nazir bildirib.
Antti Häkkänen deyib ki, bölmə NATO qüvvələrinə Finlandiyada və lazım gəldikdə alyans üzrə rabitə və informasiya sistemləri dəstəyi təmin edəcək. Bölmənin təxminən 50 hərbçidən ibarət olacağı gözlənilir. Son qərar 2026-cı ilin fevralında NATO müdafiə nazirləri görüşündə veriləcək.
Bundan əvvəl Finlandiyanın cənub-şərqində, Mikkeli şəhərində, NATO Quru Qoşunları qərargahı rəsmi olaraq açılıb. Qərargah Rusiya sərhədindən 200 km-dən az məsafədə yerləşir, 24 saat fəaliyyət göstərir və ABŞ-ın şərq sahilindəki Norfolk qərargahına tabe olur.


