Venesuela altı beynəlxalq aviaşirkətə ölkəyə enişi qadağan etdi
Venesuela hökuməti 48 saatlıq ultimatum müddətinə əməl etməyən altı böyük beynəlxalq aviaşirkətə ölkə ərazisinə eniş etməyi qadağan edib.
AFN.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb. Bildirilir ki, bu aviaşirkətlər ABŞ-ın bölgədə artmış hərbi fəaliyyət barədə xəbərdarlığından sonra paytaxt Karakasa uçuşları müvəqqəti dayandırmışdılar. Venesuela rəhbərliyi isə buna etiraz edərək şirkətlərə iki sutkalıq ultimatum qoymuşdu. Müddət bitdikdən sonra minlərlə sərnişin çətin vəziyyətdə qalıb, baxmayaraq ki, bəzi kiçik aviaşirkətlər uçuşları davam etdirir.
Venesuelanın Mülki Aviasiya İdarəsi həmin şirkətlərin dərhal eniş və qalxma hüquqlarını itirdiyini açıqlayıb. Bunlar "Iberia", "TAP Portugal", "Gol", "Latam", "Avianca", "Turkish Airlines" şirkətləridir.
Qurum bu qərarı ABŞ-ın Venesuela sahillərində artan hərbi fəallığı ilə əlaqələndirib və şirkətləri ABŞ hökumətinin təşviq etdiyi dövlət terrorizmi addımlarına qoşulmaqda ittiham edib.
