İddia: ABŞ Venesuela ilə diplomatik əlaqələri dayandırıb
ABŞ Prezidenti Donald Tramp-ın Venesuela hökuməti ilə diplomatik əlaqələri dayandırmaq göstərişi verdiyi bildirilir.
New York Times qəzetinin ABŞ-dakı mənbələrinə istinadən yaydığı xəbərə görə, Tramp Venesuela ilə diplomatik əlaqələri aparan Riçard Grenell ilə bütün görüşlərin, o cümlədən Prezident Nikolas Maduro ilə danışıqların dayandırılmasını tapşırıb.
Həmin məlumatlarda Trampın Maduronun ABŞ-ın “səlahiyyətlərini könüllü təhvil verməsi” tələbinə cavab verməməsindən və Venesuela rəsmilərinin “narkotik qaçaqmalçılığı ilə əlaqəsi yoxdur” açıqlamalarından narazı olduğu vurğulanır.
Mənbələr həmçinin Tramp administrasiyasının gərginliyin artması ehtimalına qarşı Maduroyu hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif hərbi planlar hazırladığını iddia edir.
Tramp daha əvvəl imzaladığı qərarnamə ilə Cənubi Amerika mənşəli narkotik kartellərinə qarşı ordunun daha fəal və səmərəli istifadəsini göstəriş vermiş, Müdafiə naziri Pit Hegset isə ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi də daxil olmaqla əməliyyatlara hazır olduğunu bildirmişdi.
ABŞ hökuməti 8 avqustda Maduronun həbs edilməsi üçün məlumat verilməsi qarşılığında təyin olunan mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəltmişdi.
Bundan əlavə, ABŞ-ın Venesuela sularında bəzi gəmiləri “narkotik qaçaqmalçılığı” iddiası ilə hədəfə alması həm Venesuela hökuməti, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunmuş, bu hücumların “beynəlxalq hüquqa zidd olduğu” irəli sürülmüşdü.
