Almaniyada yük maşınından ordunun 20 min gülləsi oğurlandı
Almaniyada bir yük maşınından gecə saatlarında Alman ordusuna məxsus təxminən 20 min güllə oğurlanıb.
Almaniyada böyük bir təhlükəsizlik qalmaqalı baş verib. Saksonya-Anhalt əyalətinin Burg şəhəri yaxınlığında bir yük maşınından Alman ordusuna aid təxminən 20 min güllə gecə saatlarında oğurlanıb.
Almaniyanın Müdafiə Nazirliyinin Der Spiegel-ə verdiyi açıqlamada bildirilib ki, keçən bazar ertəsi gecəsi ilə çərşənbə axşamı səhəri arasında bir mülki logistika şirkətinə məxsus yük maşınının qapısı park vəziyyətində açılıb və içərisindəki sursat oğurlanıb.
Maşın sürücüsü ertəsi səhər çatdırılma üçün yaxınlıqdakı hərbi hissəyə gedərkən oğurluğu üzə çıxarıb. İlkin araşdırmalara görə, itən sursatlar arasında 10 min tabanca gülləsi və 9900 hücum tüfəngi təlim gülləsi var.
Müdafiə Nazirliyinin sözçüsü bunu önəmli təhlükəsizlik hadisəsi adlandıraraq “Belə sursatların yanlış əllərə keçməsinə yol verilməməlidir. Hadisəyə son dərəcə ciddi yanaşırıq” deyib.
Nazirliyin məlumatına görə, sursatın daşınmasından məsul olan logistika firması təhlükəsizlik qaydalarını pozub. Qaydalara görə, firma Alman ordusuna məxsus həssas yükün hər an nəzarət altında olmasına cavabdeh idi.
Lakin ilkin araşdırmalara görə sürücü planlara zidd olaraq Burg şəhərində bir otelə gedib və gecəni orada keçirib. Bunun nəticəsində yük maşınındakı hərbi sursat gecə boyunca nəzarətsiz qalıb.
Oğruların həmin vaxt qapını açaraq sursatı oğurladıqları düşünülür.
Polis və hərbi səlahiyyətlilər hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır. Oğurlanan sursatın harada olduğu hələlik məlum deyil.




