Macarıstan Rusiya neft və qazının Aİ-yə tədarükünün qadağasına razılaşmır
Macarıstan Avropa İttifaqı rəhbərliyinin Rusiya nefti və qazının tam qadağan edilməsinə dair diktatına razılaşmayacaq.
AFN.az xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, son həftələrdə Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin Rusiya enerji daşıyıcılarının alınmasına qadağa ilə bağlı konsultasiyaları baş tutub. "Onlar arasında siyasi razılaşmaya əsasən, 2027-ci ilin sentyabrından Avropaya Rusiya qazının boru kəmərləri ilə tədarükü qadağan ediləcək və Avropa Komissiyası Rusiya neftinin tədarükünü də qadağan etməyi öhdəsinə götürüb. Mən bildirmək istəyirəm ki, Macarıstanın Brüsseldən gələn bu diktatı qəbul etməsi və həyata keçirməsi mümkün deyil" - deyə Siyarto bildirib.
Nazir əlavə edib ki, əgər Avropa İttifaqı rəhbərliyi Rusiya nefti və qazının tədarükünü qadağan etməkdə israr edərsə, Macarıstan Avropa İttifaqı Məhkəməsinə iddia verəcək.
