Almaniya Arrow 3-ü aktivləşdirir
Almaniya bu gün uzaq mənzilli ballistik raketləri məhv etməyə yönəlmiş İsrail istehsalı Arrow 3 hava hücumundan müdafiə sistemi batareyasının ilkini istifadəyə verəcək.
Almaniya müdafiə naziri Boris Pistorius Alman Xəbər Agentliyinə (DPA) açıqlamasında Arrow 3 müdafiə sisteminin Almaniyanı və tərəfdaşlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.
Pistorius “Bu sistem bizə ilk dəfə erkən xəbərdarlıq imkanı verir və əhalimizi, infrastrukturumuzu uzaq mənzilli ballistik raketlərdən qorumağa şərait yaradır. Avropadakı tərəfdaşlarımız arasında bənzəri olmayan bu strateji qabiliyyətlə Avropanın mərkəzindəki aparıcı rolumuzu möhkəmləndiririk” deyib.
Nazir əlavə edib ki, Arrow 3 yalnız Almaniyanı deyil, onun tərəfdaşlarını da qoruyacaq: “Bu sistem NATO-nun Avropa qanadını gücləndirir və NATO-nun planlaşdırma hədəflərini öz üzərimizə götürürük”.
İsraildən alınan sistem ilkin mərhələdə Almaniyanın üç ayrı nöqtəsinə yerləşdiriləcək.
Berlinin cənubunda yerləşən Schönewalde-Holzdorf Hava Bazası planlaşdırılan ilk lokasiya olacaq.
3,6 milyard avroluq müdafiə müqaviləsi çərçivəsində Almaniya bu sistemi İsrail xaric ilk istifadə edən ölkə olacaq.
Qeyd edək ki, İsrail və ABŞ tərəfindən birgə hazırlanan Arrow 3 düşmən raketlərini atmosferdən kənarda, kosmosun başlanğıc nöqtəsində birbaşa zərbə ilə məhv etmək imkanına malikdir.



