Ya mənə normal ev verin, ya da burda diri-diri basdırın -Laçın sakini+AÇIQLAMA(VİDEO)


Laçın rayonunun Qarabəyli kənd sakini, I Qarabağ müharibəsinin qazisi Əliyev Adil Nadir oğlu işğaldan azad edilmiş ərazilərdə ona verilən mənzildən narazıdır.

AFN.az xəbər verir ki, bu barədə o özü videomüraciətində bildirib. Valideynlərinin, qardaşının şəhid olduğunu deyən Laçın sakini qeyd edib ki, qardaşı və bacısı müharibədə ağır yaralanaraq erməni əsirliyində qalıblar. Müharibənin təsirini ən ağır formada yaşadığını deyən A.Əliyev bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi onu aldadıb: "Qaçqınkom məni göndərib bura ki, (Ağdərə rayonunun Vəngli kəndi) sənə 3 otaqlı ev verilir. Gəlib baxıram ki, 3 otaqlı ev-filan yoxdur. Burda harda yaxşı evlər varsa, haranınsa bələdiyyə sədri, icra nümayəndəsi, vəzifədə olanlar götürüb".

Laçın sakini evlə bərabər normal torpaq sahəsinin olmasını da istəyir: "Aidiyyatı qurumlardan xahiş edirəm, torpağı olan ev verilsin. Əkin əkmək mümkün olsun. Mən gəlib nəylə dolanmalıyam burda? Bütün yaxşı evlərin hamısını vəzifəli adamlar götürüblər. Heç bir iş də düzgün görülməyib burda. Mənə verilən evin adını 3 otaqlı qoyublar, amma leşxanadır. Ya mənə normal ev verin, ya da diri-diri basdırın burda".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə müraciəti yayılmış Əliyev Adil Nadir oğlu Dövlət Komitəsinə müraciət edərək Ağdərə rayonunun Vəngli kəndinə köçmək istədiyini bildirib: "Şəhid ailəsinin üzvü olduğunu nəzərə alaraq, ona ailə tərkibinə uyğun – 3 otaqlı mənzilə köçmək təklif edilib, lakin o həmin mənzili qəbul etməyib. Növbəti köç zamanı yenidən Adil Əliyevlə əlaqə saxlanılıb və onun Vəngli kəndinə köçlə bağlı fikri öyrənilib. Lakin o, daimi qeydiyyatda olduğu Laçın rayon Qorçu kəndinə köçmək istədiyi bildirib. Bərpa qrafikinə uyğun olaraq, Laçın rayonunun Qorçu kəndi yenidən qurulduqdan sonra Əliyev Adilin köçürülməsinə qanunauyğun formada baxılacaq".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu