İsrail Livan nümayəndələri ilə görüşdə “yaxşı atmosfer” olduğunu bildirib
İsrail və Livan nümayəndələrinin Livanın En-Nakura şəhərində keçirilən görüşü “yaxşı atmosferdə” baş tutub. Tərəflər iki ölkə arasında mümkün iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün ideyalar hazırlamaq barədə razılığa gəliblər.
AFN.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilir ki, ABŞ, İsrail və Livan arasında davam edən təhlükəsizlik dialoqu çərçivəsində İsrailin Milli Təhlükəsizlik Şurasının xarici siyasət üzrə sədr müavini 3 dekabrda En-Nakurada ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortagus və Livanın müvafiq mülki nümayəndələri ilə görüş keçirib. Görüşün yaxşı atmosferdə keçdiyi, mümkün iqtisadi əməkdaşlıq üçün ideyaların formalaşdırılması barədə qərar qəbul edildiyi qeyd olunub.
Baş nazirin ofisinin məlumatına görə, İsrail qarşı tərəfə “Hizbullah” hərəkatının tərksilah edilməsinin iqtisadi əməkdaşlığın inkişafından asılı olmayaraq mütləq şərt olduğunu bildirib.
Tərəflər yaxın zamanda əlavə müzakirələrin aparılması barədə razılığa gəliblər.
Qeyd edək ki, İsrail və Livan heç vaxt diplomatik münasibətlər qurmayıb. Beyrut 1948-ci ildə yaradıldığı vaxtdan bəri İsraili tanımır. Diplomatik münasibətlərin olmamasına baxmayaraq, tərəflər Vaşinqtonun vasitəçiliyi ilə qeyri-rəsmi təmaslar saxlayırlar.



