Qrossi: MAQATE Qazaxıstanda AES tikintisi layihəsini dəstəkləyəcək


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanda atom elektrik stansiyasının inşası layihəsinin həyata keçirilməsinin bütün mərhələlərində dəstək göstərəcək.

AFN.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi Vyanada nazir Ermek Koşerbayevlə MAQATE-nin baş direktoru Rafael Qrossi arasında keçirilən görüşdən sonra məlumat yayıb.

“Qrossi agentliyin Qazaxıstana AES tikintisi layihəsinin bütün mərhələlərində hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. O, həmçinin digər əsas əməkdaşlıq sahələrini də əhatə edən əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanıb imzalanmasını təklif edib”, – deyə məlumatda qeyd olunur.

Qrossi Qazaxıstanın atom enerjisindən sülh məqsədli istifadə sahəsində təşəbbüslərini və MAQATE-nin texniki əməkdaşlıq proqramının ölkədə icrasını da yüksək qiymətləndirib. Proqram onkoloji xəstəliklərin müalicəsi üçün innovativ nüvə texnologiyalarının inkişafını, kənd təsərrüfatının effektivliyinin artırılmasını və keçmiş Semipalatinsk poliqonunun ərazisinin bərpasını əhatə edir.

Koşerbayev bildirib ki, MAQATE ilə tərəfdaşlıq Qazaxıstanın xarici siyasət prioritetlərindən biridir. Görüşün yekununda Qazaxıstan və agentlik əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə qarşılıqlı hazırlıqlarını təsdiqləyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu