"Bloomberg": ABŞ ucuz zərbə dronlarından istifadə etməyə başlayıb
Pentaqon İranın "Shahed‑136" modeli əsasında yaradılmış ucuz zərbə dronlarını xidmətə qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bunun üçün "Task Force Scorpion Strike" adlı xüsusi operativ qrup formalaşdırıb. Qrup kiçik pilotsuz uçuş aparatlarından istifadə edir və bu dronlar "Shahed‑136"-nın geri mühəndislik yolu ilə hazırlanmış versiyasıdır.
Xəbərdə qeyd olunur ki, İranın "Shahed‑136" dronunun istehsalı təxminən 35 min dollara başa gəlir. Müqayisə üçün, ABŞ istehsalı olan "MQ‑9 Reaper" dronu 30 milyon dollar dəyərindədir.
"Bloomberg Economics" ekspertinin sözlərinə görə, ABŞ artıq yalnız bahalı və texnoloji cəhətdən mürəkkəb silahlarla üstünlük qazana bilməz. Ona görə də ölkə ucuz və əlçatan silah sistemlərini, xüsusən də dronları qəbul etməli, əks halda üstünlüyünü itirmək riski ilə üzləşəcək.





