Avstraliyada sosial media qadağası böyük texnologiya şirkətlərini hərəkətə gətirdi
Avstraliyanın 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası tətbiq edən yeni qaydası dünya üzrə böyük texnologiya şirkətlərində ciddi narahatlıq yaradıb. 10 dekabrdan qüvvəyə minəcək qanunla sosial media platformaları yetkin olmayan istifadəçilərin hesab açmasının qarşısını almaq üçün məqbul tədbirlər görməyə məcbur olacaq.
Facebook-un sabiq Avstraliya meneceri Stefen Çiler bildirib ki, internet və sosial medianın ilk dövrlərində bunun ictimai fayda verəcəyinə böyük ümidlər bəslənirdi, lakin zamanla bu nikbinlik şübhəyə çevrilib. Çiler platformaların faydalı tərəflərinin olduğunu, lakin zərərli məzmunların getdikcə üstünlük qazandığını vurğulayıb.
Gənclərin psixi sağlamlığı müzakirənin mərkəzindədir
Dünya üzrə artan nəzarətlərin diqqət mərkəzində xüsusilə gənclərin psixi sağlamlığı dayanır. Yuta ştatından Avropa İttifaqına qədər bir çox idarəçilik qurumu uşaqların sosial media istifadəsini məhdudlaşdırmaq üçün fərqli tədbirlər tətbiq edib.
Ancaq Avstraliyanın 16 yaş altını tam əhatə edən qadağası indiyə qədər atılmış ən sərt addımlardan biri kimi seçilir.
Texnologiya şirkətləri təxminən bir ildir ki, qanuna qarşı çıxır. Şirkətlər bildirirlər ki, bu tətbiq uşaqları daha az təhlükəsiz vəziyyətdə saxlaya, ifadə azadlığını məhdudlaşdıra və yaş təsdiqi texnologiyasında qeyri-müəyyənliklər yarada bilər.
Böyük texnologiya şirkətlərini təmsil edən NetChoice-un nümayəndəsi Pol Task hesab edir ki, bu qərar gəncləri daha az məlumatlı və daha az əlaqəli hala gətirəcək.
ABŞ-da iddialar və ifşalar artır
Son illərdə Meta, TikTok, Snapchat və YouTube kimi platformalara qarşı çox sayda məhkəmə iddiası qaldırılıb. Yanvarda ABŞ-da başlanacaq böyük bir məhkəmə işində iddia olunur ki, bu şirkətlər tətbiqlərini bilərəkdən asılılıq yaradan şəkildə tərtib edib və platformaların zərərlərini gizlədiblər. Meta-nın təsisçisi Mark Zükerberg və Snap-in baş icraçı direktoru Evan Şpigelin məhkəmədə birbaşa ifadə verməsi gözlənilir.
Bəzi ştat prokurorları iddia edir ki, Zükerberg gənc istifadəçilərin təhlükəsizliyini artıracaq bəzi təklifləri şəxsən bloklayıb. Sabıq Meta əməkdaşları Sarah Vinn-Uilliams, Frances Hogen və Arturo Bejar ABŞ Konqresində şirkətin tətbiqləri ilə bağlı müxtəlif iddialar irəli sürüblər. Meta isə gənc istifadəçilərin təhlükəsizliyi üçün ciddi investisiyalar etdiyini bildirir.
Nifrət nitqi və zorakılıq məzmunları gündəmdə
Sosial media şirkətləri yalnız uşaqların təhlükəsizliyi ilə deyil, həm də dezinformasiya, nifrət nitqi və zorakılıq məzmunlarına görə tənqid edilir. Son dövrlərdə bəzi zorakılıq görüntülərinin qısa zamanda milyonlarla insana çatması və Meta-nın bəzi platformalarında doğrulama sistemlərini ləğv etməsi reaksiya yaradıb.
ABŞ Konqresində iki partiyalı yanaşma formalaşarkən, ötən il keçirilən iclasda Zükerberg sosial media səbəbindən övladını itirən ailələrdən üzr istəməli olub.
Kulisdə intensiv lobbi fəaliyyəti
Avstraliyada qanun müzakirə edilərkən texnologiya şirkətləri ictimaiyyət qarşısında əsasən səssiz qalıb. Lakin kulislərdə intensiv lobbi işləri aparılıb. Snap-in baş icraçı direktoru Evan Şpigel Avstraliya Kommunikasiya Naziri Anika Vills ilə birbaşa görüşüb, YouTube isə bəzi şəxslər vasitəsilə lobbi fəaliyyəti göstərib.
Meta və Snap kimi şirkətlər bildirirlər ki, yaş təsdiqi məsuliyyəti Apple və Google kimi tətbiq mağazalarına aid olmalıdır. Həmçinin, uşaqların sosial media istifadəsinə dövlət deyil, valideynlərin qərar verməsi lazım olduğu fikri ön plana çıxarılıb. Avstraliya hökuməti isə valideyn icazəsi istisnasını qəbul etməyərək dünyanın ən sərt sosial media qanunlarından birini tətbiq edib.
Digər ölkələr də diqqətlə izləyir
Avstraliya Kommunikasiya Naziri Anika Vills bildirib ki, texnologiya şirkətləri uzun illər lazım olan tədbirləri öz iradələri ilə həyata keçirməyib, buna görə sərt qayda tətbiq olunub. Vills Avropa İttifaqı, Fiji, Yunanıstan, Malta, Danimarka, Norveç, Sinqapur və Braziliya kimi ölkələrin bu tətbiqi yaxından izlədiyini deyib.
Ekspertlərə görə, Avstraliyanın bu addımı digər ölkələr üçün də presedent ola bilər.
Platformaların gecikmiş təhlükəsizlik addımları
Qanunun qüvvəyə minməsi yaxınlaşdıqca şirkətlər gənc istifadəçilər üçün daha təhlükəsiz versiyalarını təqdim etməyə başlayıblar. YouTube istifadəçinin yaşını təxmin edən süni intellekt əsaslı sistemi işə salıb. Snapchat 13–17 yaş arası istifadəçilər üçün təhlükəsizlik parametrləri olan xüsusi hesablar yaradıb. Meta isə Instagram Teen hesablarını istifadəyə verib.
Lakin tənqidçilərə görə bu addımlar yetərli deyil. Sabıq Meta mühəndisi Arturo Bejarın araşdırmasına görə, Instagram Teen hesablarında təqdim olunan təhlükəsizlik vasitələrinin çoxu təsirli nəticə vermir.
Cərimələr müzakirə yaradıb
Yeni qanuna əsasən ciddi pozuntular zamanı şirkətlərə 49,5 milyon Avstraliya dolları məbləğində cərimə tətbiq oluna bilər. Ekspertlər bu məbləğin böyük texnologiya şirkətləri üçün kifayət qədər çəkindirici olmaya biləcəyini qeyd edirlər.
Stefen Çiler isə bu qaydanı avtomobillərdə təhlükəsizlik kəmərinin məcburi edilməsinə bənzədib. Çiler bildirib ki, tətbiq mükəmməl olmasa da, heç bir tədbir görməməkdən daha yaxşıdır.

