Benində sabiq prezidentin oğlu saxlanılıb


Beninin keçmiş prezidenti və hazırda müxalifətdə olan Tomas Boni Yayinin oğlu Çabi Yayi öz evində saxlanılıb.

AFN.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Həbsin səbəbi açıqlanmayıb. Saxlanılma ölkədə uğursuz dövlət çevrilişi cəhdindən bir həftə sonra baş verib.

“Hazırda onun nədə ittiham olunduğunu bilmirik”, – deyə saxlanılan şəxsin qohumlarından biri AFP-yə bildirib.

Yayiyə yaxın olan, onun rəhbərlik etdiyi əsas müxalif Demokrat Partiyasının üzvü isə qeyd edib ki, bu saxlanılmanın ötən bazar günü baş verən hadisələrlə bağlı olub-olmadığı məlum deyil.

Tomas Boni Yayi çevriliş cəhdini iki gün sonra yayımladığı video müraciətdə pisləyib.

7 dekabrda baş vermiş uğursuz çevrilişdən sonra bir neçə nəfər həbs edilib, o cümlədən iştirakçılar və sabiq müdafiə naziri, müxalifətin əsas simalarından biri Kandid Azannai. O, dövlət hakimiyyətinə qarşı sui-qəsd və üsyana təhrik ittihamı ilə polis nəzarətinə götürülüb.

Bundan başqa, Benin hakimiyyəti panafrikaçı və antiqərb fəal Kemi Seba barəsində beynəlxalq axtarış elan edib.

Uğursuz çevrilişin bir neçə iştirakçısı, o cümlədən qrupun lideri podpolkovnik Paskal Tiqri isə hələ də azadlıqdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu