Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb - RƏSMİ


“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının icrasına başlanılıb.

AFN.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dekabrın 19-da qəbul edilən amnistiya qərarının icrası istiqamətində bu gündən etibarən müvafiq işlərə start verilib. Amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin ilkin siyahısı hazırlanıb və qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.

Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə və təxirə salınmadan həyata keçiriləcək.

Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi məlumat təqdim ediləcəyi bildirilib.

Qeyd edək ki, Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarı bu gün qəbul edib. Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu