İlon Mask Venesuelaya pulsuz internet verəcək
İlon Mask ABŞ-ın Venesuelaya əməliyyatına dəstək verib. Mask bildirib ki, Venesuela 1 ay müddətində Starlink vasitəsilə pulsuz internetlə təmin olunacaq.
Milyarder ABŞ-ın 3 yanvarda Venesuelaya etdiyi əməliyyatdan sonra ölkəyə öz şirkəti Starlink vasitəsilə bir aylıq pulsuz internet verəcəyini açıqlayıb.
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores ABŞ qüvvələri tərəfindən ölkədən çıxarıldıqdan sonra Mask əməliyyata dair əvvəlcə dəstək mesajı yayıb. Maduroya qarşı “rəhmsiz bir tiran” ifadəsini işlədən Mask “Venesuela indi haqq etdiyi rifaha qovuşa bilər” mesajını özünün sosial media platforması X vasitəsilə paylaşıb.
İlon Mask həmçinin ABŞ Prezidenti Donald Trampı əməliyyat üçün təbrik edib. Maskın paylaşımı aralarında soyuq münasibət olduğu deyilən ikili arasında diqqət çəkib.
Mesajda Mask əməliyyatı dünya üçün bir qələbə kimi qiymətləndirib və “Bu, dünyanın hər yerindəki pis diktatorlara açıq bir mesajdır” ifadələrini əlavə edib.
