Venesuelada aralarında siyasi məhbusların da olduğu çox sayda şəxs azad edilib
Venesuelada aralarında siyasi məhbusların da olduğu çox sayda şəxsin həbsxanadan azad edildiyi bildirilib.
Yerli medianın məlumatına görə, Dövlət Televiziyası VTV-də çıxış edən Milli Məclis (AN) sədri Jorxe Rodriqes ölkədə sülhü və ictimai birliyi gücləndirmək məqsədilə əhəmiyyətli sayda şəxsin sərbəst buraxıldığını açıqlayıb.
Rodriqes bu prosesdə dəstəklərinə görə sabiq İspaniya Baş naziri Xose Luis Rodriqes Zapatero, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Qətər rəhbərliyinə təşəkkür edib. O, bunu Bolivar hökumətinin sülh axtarışına geniş niyyətinin bir göstəricisi adlandıraraq, belə bir jesti respublikanın sülh içində yaşaması və rifah yolunda irəliləməsi üçün hamının töhfəsi kimi dəyərləndirməyi tövsiyə edib.
Rodriqes bildirib ki, onlar konstitusiyada müəyyən olunmuş qaydalara əməl edən siyasi partiyalar və vətəndaş cəmiyyət təşkilatları ilə dialoqa daim açıqdırlar və ölkədə sülh mühitinin gücləndirilməsi üçün səylərini davam etdirəcəklər.
Digər tərəfdən Venesuela Baş prokuroru Tarek Ulyam Saab çox sayda məhbusun azad edilməsi ilə bağlı açıqlamasında bu prosesin ölkənin ədliyyə sisteminə uyğun şəkildə həyata keçirildiyini vurğulayıb.
Rəsmi şəxslər indiyədək neçə nəfərin azad edildiyi barədə dəqiq rəqəm açıqlamayıb.
Vətəndaş cəmiyyəti təşkilatı Foro Penal-in son açıqlamasına görə, ölkədə 863 siyasi məhbus var və bunların 86‑sı ikili vətəndaşlıq hüququna malik şəxslərdən ibarətdir.
