Rusiya: Ukraynada bir həftədə 5 yaşayış məntəqəsi nəzarətimizə keçdi
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bir həftə ərzində Ukraynanın Sumi, Xarkov, Dnepr, Zaporijye və Donetsk bölgələrində 5 yaşayış məntəqəsinin nəzarətini ələ keçiriblər.
Nazirlikdən Rusiya Silahlı Qüvvələrinin 3-9 yanvar tarixində Ukraynadakı fəaliyyətləri ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada qeyd olunur ki, həftə ərzində Ukraynadakı hərbi hədəflərə intensiv hücumlar həyata keçirilib. Bunun nəticəsində Ukraynanın hərbi sənaye müəssisələri, enerji, nəqliyyat, hava limanı və liman infrastrukturu, yanacaq və sursat anbarları, pilotsuz uçuş aparatları (PUA) istehsal, saxlama və təlim mərkəzləri, həmçinin ukraynalı əsgərlər və xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi məntəqələr vurulub.
Açıqlamada bildirilir ki, son bir həftədə Ukraynada 5 yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən ələ keçirilib:
Sumi bölgəsində Qrabovskoye,
Xarkov bölgəsində Podoli,
Dnepr bölgəsində Bratskoye,
Zaporijye bölgəsində Zelenoye,
Donetskdə Bondarnoye.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunur ki, müharibənin başlanğıcından bu günə qədər Ukrayna ordusuna məxsus 670 təyyarə, 283 vertolyot, 108 mindən çox PUA, 645 hava hücumundan müdafiə raket sistemi, 27 mindən çox tank və zirehli texnika, 1637 çoxməqsədli raketatan, 32463 top və minaatan, həmçinin 51 mindən çox xüsusi hərbi texnika məhv edilib.

