ABŞ-da ICE əməkdaşları 5 yaşlı uşağı saxlayıb
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının Minnesota ştatında keçirdiyi əməliyyat zamanı 5 yaşlı bir uşağı və onun atasını saxlaması ölkədə müzakirələrə səbəb olub. Məktəb rəhbərliyi və ailənin vəkili azyaşlının atası ilə birlikdə nəzarət altına alındığını açıqlayıb.
Məktəbəqədər təhsil alan Liam Ramos atası Adrian Alexander Conejo Arias ilə birlikdə evlərinin qarşısında olarkən ICE agentləri tərəfindən saxlanılıb.
Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) yaydığı məlumatda hədəfin uşaq olmadığı, atasının “qanunsuz miqrant” statusunda olduğu bildirilib. Nazirlik iddia edib ki, ata agentləri gördükdə qaçmağa cəhd göstərib və bu zaman oğlunu tək qoyub.
ICE qurumu sosial şəbəkələrdə yaydığı açıqlamada uşağın saxlanılması ilə bağlı iddiaları təkzib edərək, əməkdaşların şaxtalı havada uşağın təhlükəsizliyini təmin etdiyini bildirib. Qurum ailənin uşağı təhvil almaqdan imtina etdiyini, atanın isə övladının onunla qalmasını istədiyini qeyd edib.
Ailənin vəkili Mark Prokoş keçirdiyi mətbuat konfransında bildirib ki, Liam və atası 2024-cü ildə Ekvadordan ABŞ-a sığınacaq tələbi ilə gəliblər və bütün hüquqi prosedurlara əməl ediblər. Prokoş ailənin ICE əməkdaşlarından qaçmadığını xüsusi vurğulayıb.
Kolumbiya Hayts Məktəb Dairəsinin müfəttişi Zena Stenvik isə 5 yaşlı bir uşağın niyə saxlanıldığını sual edərək, azyaşlının cinayətkar kimi qiymətləndirilə bilməyəcəyini deyib.
Məktəb idarə heyətinin üzvü Meri Qranlund hadisə yerində olduğunu və uşağı öz himayəsinə götürə biləcəyini bildirməsinə baxmayaraq, səlahiyyətlilərin buna icazə vermədiyini açıqlayıb.



