İlon Mask İspaniya baş nazirini "zülmkar" və "totalitar faşist" adlandırıb
Amerikalı iş adamı, "X" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask 16 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulacağını və bu şəbəkələrin rəhbərləri üzərində hüquqi nəzarətin artırılacağını açıqlayan İspaniya Baş naziri Pedro Sançesi "zülmkar" və "totalitar faşist" adlandırıb.
İlon Mask özünə məxsus "X" platformasındakı hesabından Sançesin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitindəki çıxışını paylaşıb. O, 16 yaşın altındakı uşaqların sosial şəbəkələrə girişini qadağan edən bu çıxışa münasibət bildirərək "Sançes əsl faşist totalitardır" və "Çirkli Sançes İspaniya xalqına xəyanət edən bir zülmkar və xaindir" ifadələrini işlədib.
Dubaydakı çıxışında sosial platformalar üzərində nəzarəti artıracaqlarını və uşaqların girişini real şəkildə əngəlləyəcək tədbirlər görəcəklərini elan edən Sançes, rəqəmsal platformalar üzərindəki yoxlamaları gücləndirmək və idarəçiləri bu şəbəkələrdəki qayda pozuntularına görə məsuliyyətə cəlb etmək üçün addımlar atacaqlarını bildirmişdi.
Sançes həmçinin sosial şəbəkələrin uğursuz dövlət imicinin verilməyə çalışıldığı, qanunlara məhəl qoyulmadığı, cinayətlərin xoş görüldüyü, yanlış məlumatın həqiqətdən daha dəyərli olduğu və istifadəçilərin yarısının nifrət hücumlarına məruz qaldığı bir yerə çevrildiyini qeyd edərək İlon Maskı tənqid etmişdi.
İspaniya Baş naziri İlon Maskın özünün miqrant olmasına baxmayaraq, İspaniya hökumətinin yarım milyon miqrantın leqallaşdırılması ilə bağlı suveren qərarı haqqında dezinformasiya yaymaq üçün şəxsi hesabından istifadə etməsini təəssüf hissi ilə izlədiklərini ifadə etmişdi. Sançes 2025-ci ilin yanvar ayındakı çıxışında da Maskı hədəf alaraq, "X" alqoritmini yalan yaymaq və qaralama kampaniyası apararaq manipulyasiya etməkdə ittiham etmişdi.
