"Washington Post"dan kütləvi ixtisar qərarı: Redaksiya heyəti kiçilir
Ceff Bezosun sahibi olduğu ABŞ-ın köklü qəzetlərindən biri — "Washington Post" işçi qüvvəsinin üçdə birini ixtisar edəcəyini açıqlayıb. Çərşənbə günü elan edilən qərara əsasən, qəzetin idman, yerli xəbərlər və xarici xəbərlər şöbələrində genişmiqyaslı ixtisarlar aparılacaq.
Baş redaktor Mett Marrey ixtisarların korporativ sabitlik üçün zəruri olduğunu müdafiə etsə də, bu addım qəzet əməkdaşları və keçmiş rəhbərlər tərəfindən etirazla qarşılanıb. Qəzetin keçmiş redaktoru Marti Baron baş verənləri dünyanın ən böyük xəbər qurumlarından birinin tarixindəki ən qaranlıq günlərdən biri kimi qiymətləndirib.
Süni intellekt və dəyişən oxucu vərdişləri
Mett Marrey heyətə göndərdiyi qeyddə süni intellektin sürətli inkişafından sonra son üç ildə qəzetin internet trafikinin ciddi şəkildə azaldığını bildirib. "Post"un "fərqli bir dövrə kök saldığını" qeyd edən Marrey, ayaqda qalmaq üçün jurnalistika və biznes modellərini yenidən təkmilləşdirməli olduqlarını vurğulayıb.
İxtisar qərarı xüsusilə kritik bölgələrdəki müxbir şəbəkəsinə ciddi zərbə vurub:
Qahirə: Büro rəhbəri Yaxın Şərq masasının bütün heyətinin və redaktor heyətinin işdən çıxarıldığını elan edib.
Ukrayna: Müharibə bölgəsində fəaliyyət göstərən müxbirlərdən biri işinə xitam verildiyini açıqlayıb.
Yerli Xəbərlər: Vaşinqton (DC) bölgəsinə fokuslanan metro xidmətinin böyük bir hissəsinin işinə son verildiyi bildirilir.
Abunə itkisi və strateji dəyişiklik
"Washington Post"un yaşadığı maliyyə çətinlikləri və abunə itkisi 2024-cü il prezident seçkiləri ərəfəsində Ceff Bezosun qərarı ilə hər hansı bir namizədi dəstəkləməmək qərarından sonra daha da sürətlənmişdi. Onilliklər boyu davam edən ənənənin pozulmasından sonra on minlərlə oxucu abunəliyini ləğv etmişdi.
Qəzet sözçüsü atılan addımların diqqəti kəskinləşdirmək və təməli gücləndirmək məqsədi daşıdığını iddia etsə də, "Washington Post"dakı bu kiçilmə, rəqibi "New York Times"ın rəqəmsal abunə sayını artırmasının əksinə olaraq, tənəzzül qrafiki cızıldığını göstərir.


