Nigeriyada mülki şəxslərin hədəf alındığı hücumda ölənlərin sayı 170-ə çatıb
Nigeriyanın Kvara ştatında silahlı qrupların mülki şəxsləri hədəf aldığı hücumda həyatını itirənlərin sayı 170-ə yüksəlib.
Kvara Ştat Məclisinin deputatı Səid Baba Əhməd bildirib ki, onda olan məlumata görə, ölənlərin sayı 170-ə çatıb: "Bu səbəbdən xalqımız hələ də meşəlik ərazilərdə digər cəsədlərin axtarışını davam etdirir. 35 qadın qaçırılıb. Sağ qalanlar isə meşəliklərdə sığınacaq axtarırlar”.
Kvara valisi Əbdürrəhman Əbdürrəzaq isə belə bir açıqlama verib ki, Prezident Bola Əhməd Tinubu cinayətkarlara qarşı ‘Savannah Shield’ (Savanna Qalxanı) əməliyyatı çərçivəsində bir ordu taborunun dərhal bölgəyə yerləşdirilməsini təsdiqləyib.
Kvara Mərkəz senatoru Saliu Mustafanın yaydığı yazılı məlumata görə, silahlı qrup ötən gecə ştatın Voro və Nuku bölgələrində hücumlar təşkil edib.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələrlə yanaşı, "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalır.



