Havanada təyyarə yanacağı tükənir: uçuşlarda ciddi məhdudiyyətlər yaranacaq
Havanadakı Xose Marti adına Beynəlxalq Hava Limanında 10 fevral - 11 mart tarixləri arasında aviasiya yanacağı əlçatmaz olacaq.
AFN.az xəbər verir ki, bu xəbərdarlıq ABŞ Federal Aviasiya İdarəsinin (FAA) yaydığı NOTAM (təyyarəçilər üçün bildiriş) sənədində əks olunub.
Havanada yanacaq böhranının kəskinləşməsi ABŞ-ın yanvarın 3-də Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və prezident Nikolas Maduronun ələ keçirilməsindən sonra başlayıb. Venesuela Kubanın ən böyük neft tədarükçüsü idi və bu kanalın kəsilməsi adada enerji qıtlığına yol açıb. Üstəlik, ABŞ administrasiyası Kubaya neft satan ölkələrə qarşı xüsusi gömrük rüsumlarının tətbiqini nəzərdə tutan fərman imzalayıb ki, bu da tədarük zəncirini tamamilə iflic edib.
Kuba Xarici İşlər naziri Bruno Rodriges Parrilya bu tədbirləri kəskin pisləyərək, Vaşinqtonun hərəkətlərini "yanacaq tədarükünün total blokadası" adlandırıb. Nazir qeyd edib ki, bu addımlar beynəlxalq ticarət prinsiplərinin kobud şəkildə pozulmasıdır və Kuba xalqı üçün dözülməz şərait yaradır.
Hazırda bir çox beynəlxalq aviaşirkət Havanaya uçuşları təxirə salmağı və ya yanacaq doldurmaq üçün qonşu ölkələrin hava limanlarından istifadə etməyi planlaşdırır.

