Niderlandın ordu komandanı: Ukraynadakı mümkün missiyada iştirak edə bilərik
Niderland Silahlı Qüvvələrinin komandanı general Onno Eyxelsheym ölkəsinin gələcək hökumətin qərarı ilə Ukraynada sülh sazişindən sonra yaradıla biləcək beynəlxalq hərbi missiyaya qoşula biləcəyini bəyan edib.
AFN.az xəbər verir ki, general "Defensiekrant" qəzetinə müsahibəsində Niderland ordusunun bu cür tapşırıqları yerinə yetirmək üçün kifayət qədər hərbi potensiala malik olduğunu bildirib.
Eyxelsheym qeyd edib ki, Fransa və Böyük Britaniya artıq öz qüvvələrini təqdim etməyə hazır olduqlarını bəyan ediblər. Niderlandın bu prosesdəki rolu isə fevralın 23-də and içərək fəaliyyətə başlayacaq yeni hökumətin qərarından asılı olacaq. Generalın sözlərinə görə, krallığın ordusu hazırda NATO-nun kollektiv müdafiəsində iştirak zərurəti fonunda sürətlə şəxsi heyətin sayını artırır, yeni texnikalar alır və hazırlıq səviyyəsini gücləndirir.
Ukraynaya qoşun göndərilməsi ideyası hələ 2025-ci ilin aprelində Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas tərəfindən irəli sürülmüşdü. O, Aİ və NATO ölkələrinin "istəklilər koalisiyası" formatında atəşkəsdən sonra monitorinq, sülhməramlı və ya çəkindirmə missiyası çərçivəsində qoşun göndərmək imkanlarını araşdırdığını bildirmişdi. Britaniyanın Baş naziri Keyr Starmer isə London və Parisin sülh sazişinin icrasını təmin etmək üçün 10 mindən 30 minə qədər hərbçidən ibarət "sülhməramlı korpus" formalaşdırmaq niyyətində olduğunu qeyd etmişdi.

