Fransa XİN "Epşteyn işi" üzrə diplomatla bağlı müraciət etdi
Fransanın xarici işlər naziri Jan-Noel Barro, amerikalı maliyyəçi Ceffri Epşteynin cinayət işi çərçivəsində ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə adı keçən fransalı diplomat barəsində prokurorluğa müraciət edib.
AFN.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Nazir bildirib ki, Fabris Edan adlı diplomatla bağlı iddia edilən faktların araşdırılması üçün Respublika Prokurorluğuna müraciət göndərilib. Eyni zamanda, nazirlik daxilində inzibati və intizam araşdırmalarına da start verilib. Rəsmi sənədlərə görə, Fabris Edan Xarici İşlər Nazirliyində xarici işlər üzrə baş katib vəzifəsini tutub, lakin hazırda şəxsi vəziyyəti ilə əlaqədar olaraq ehtiyatdadır və özəl sektorda fəaliyyət göstərir.
"Radio France" media şirkətinin araşdırmasına görə, Epşteyn dosyesindəki təxminən 200-ə yaxın sənəddə Edanın adı çəkilir. XİN-də 25 illik iş təcrübəsi olan məmurun 2010-2017-ci illər ərzində Epşteyn və onun yaxın ətrafı ilə onlarla elektron məktub mübadiləsi apardığı müəyyən edilib.
Sənədlərdə diplomatın birbaşa seksual cinayətlərdə və ya qanunsuz hərəkətlərdə iştirakını sübut edən faktlar hələlik tapılmasa da, iddialara görə, o, xarici ezamiyyətləri zamanı davamlı olaraq Epşteynin təsir dairəsində olub. Edanın maliyyəçiyə diplomatik məlumatlar ötürdüyü, beynəlxalq əlaqələrinə çıxış imkanı yaratdığı və müəyyən xidmətlərdən istifadə üçün şərait qurduğu bildirilir.
