Kanadada məktəbdə qətliam: 10 ölü, 27 yaralı
Kanadanın Britaniya Kolumbiyası əyalətində bir məktəbdə və evdə törədilən silahlı hücum nəticəsində, aralarında hücumçunun da olduğu 10 nəfərin öldüyü, 27 nəfərin isə yaralandığı bildirilir.
CBC kanalının Kanada Kral Atlı Polisinin (RCMP) bəyanatına istinadən yaydığı məlumata görə, əyalətin Tambler Ric bölgəsindəki məktəblərin birində silahlı hücum baş verib. Məktəbdəki hücumda 6 nəfər həyatını itirib, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
RCMP bölmələri hücumla əlaqəli olduğu ehtimal edilən yaxınlıqdakı bir evdə daha 2 nəfərin meyitinin tapıldığını bildirib. Hadisə yerində hücumçu olduğu düşünülən 1 nəfərin də ölü tapıldığı qeyd edilib. Yaralıların vəziyyəti ilə bağlı verilən açıqlamada 2 nəfərin vəziyyətinin ağır olduğu, 25 nəfərin isə müayinə edildiyi bildirilib.
Ölü tapılan hücumçunun bölgədəki telefonlara göndərilən xəbərdarlıq mesajında təsvir edilən "qəhvəyi saçlı, don geyinmiş qadın" olduğu təsdiqlənib. Məktəbdəki təxminən 100 şagird və işçinin hamısının təhlükəsiz şəkildə təxliyə edildiyi, bölgədəki ibtidai və orta məktəblərin bu həftəlik tətil edildiyi elan olunub.
Qeyd edək ki, bu hadisə 1989-cu ilin dekabrında Monreal şəhərindəki "L'Ecole Polytechnique" məktəbində 14 nəfərin ölümü ilə nəticələnən qətliamdan sonra, ölkə tarixinin ən ölümcül ikinci məktəb hücumu kimi qeydə alınıb.
