Yaponiya Professional Futbol Liqasında heç-heçə ləğv edildi


Yaponiya Professional Futbol Liqası (J. League) rəhbərliyi 2026-cı ildə tətbiq olunacaq keçid mövsümü ilə bağlı inqilabi qərarlar qəbul edib. Yeni turnir formatına əsasən, oyunlar heç-heçə ilə başa çatmayacaq. Heç-heçə vəziyyətində penalti zərbələrinə yollanacaq komandalardan qalib gələn 2 xal, məğlub olan isə 1 xal qazanacaq.

Qəbul edilən qərara görə, 90 dəqiqəlik əsas vaxtı bərabərliklə başa çatan matçlarda əlavə vaxt oynanılmadan birbaşa seriya penalti zərbələrinə keçiləcək. "J. League" rəhbərliyi bu addımın əsas məqsədini azarkeş təcrübəsini zənginləşdirmək və oyunçuların yüksək təzyiq altında göstərdiyi performansı artırmaq kimi xarakterizə edib.

Xal toplama sistemi də dəyişdi

"J. League 100-cü İl Vizyon Liqası" adı altında təşkil olunacaq bu dövrdə turnir cədvəli yeni qaydalara uyğun formalaşacaq.

Yeni xal sistemi aşağıdakı kimidir:

Əsas vaxtda qələbə: 3 Xal
Penaltilərlə qələbə: 2 Xal
Penaltilərlə məğlubiyyət: 1 Xal
Əsas vaxtda məğlubiyyət: 0 Xal

Məqsəd penalti təcrübəsini artırmaqdır

Liqa rəhbərliyindən verilən açıqlamada bu təcrübənin milli komanda səviyyəsindəki faydalarına da diqqət çəkilib. Xüsusilə beynəlxalq turnirlərdə seriya penalti zərbələrinin həlledici rol oynadığı vurğulanaraq, yaponiyalı futbolçuların bu format sayəsində rəqabət mühitində təcrübə qazanmalarının hədəfləndiyi bildirilib.

Sözügedən qayda dəyişikliyi 2026-cı ilin fevralı ilə iyun ayı arasındakı keçid dövrünü əhatə edəcək. Bu sistemin tam mövsümü əhatə edən 2026-2027-ci illər liqa təqviminə daxil edilib-edilməyəcəyi isə aparılacaq qiymətləndirmələrdən sonra bəlli olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu