Kanadada məktəbə hücum edən şəxs əvvəlcə anasını və ögey qardaşını öldürüb
Kanadanın Britaniya Kolumbiyası əyalətində ötən gün məktəbdə törədilən silahlı hücumun şübhəlisinin hadisədən əvvəl evdə anasını və ögey qardaşını öldürdüyü müəyyən edilib.
"CBC News" kanalının məlumatına görə, əyalətin Tambler Ric bölgəsində baş verən və ölkə tarixində ikinci ən qanlı məktəb hücumu kimi qeydə alınan hadisə ilə bağlı istintaq davam edir.
Polis hücumçunun məktəbə yollanmazdan əvvəl anasını və 11 yaşlı ögey qardaşını qətlə yetirdiyini təsbit etsə də, cinayətkarın iki odlu silahı necə əldə etdiyi barədə məlumat verməyib. Məktəbdəki hücum zamanı həyatını itirən 6 nəfərin 39 yaşlı müəllim və 12-13 yaşlı şagirdlər olduğu bildirilib.
Əvvəlcə öldüyü zənn edilən qurbanlardan birinin sağ olduğu məlum olduqdan sonra hər iki hadisə üzrə ümumi ölü sayının 10 deyil, 9 olduğu dəqiqləşib. Polis şübhəlinin məktəbi təxminən 4 il əvvəl tərk edən 18 yaşlı Cessi Van Rutselaar olduğunu açıqlayıb.
Digər tərəfdən, qətlin törədildiyi evlə bağlı son illərdə polisə şikayətlərin daxil olduğu, lakin evdə tapılan odlu silahların qanuni sahiblərinə qaytarıldığı qeyd edilib. Ailə üzvlərinin keçmiş sosial media paylaşımları Rutselaarın hələ kiçik yaşlarından silahlara maraq göstərdiyini ortaya qoyur.


